Rəsmi Bakı: "Aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq"
"Təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılan 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik".
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların əks olunduğu 2 sentyabr tarixli bəyanatına dair şərhində əksini tapıb.
Bildirilib ki, bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir.
"Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meyilləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaqdır", - XİN-dən qeyd olunub.