İtaliyada qatarın vurduğu 5 dəmiryolçu ölüb
İtaliyada gecə saatlarında Turin-Milan dəmir yolu xəttində işləyən işçiləri qatar vurması nəticəsində 5 işçi ölüb.
Yerli medianın xəbərinə görə, Turin-Milan dəmir yolu xəttində Brandizzo stansiyası yaxınlığındakı xətdə təmir işləri görən işçiləri qatar vurub. Hadisə nəticəsində 5 işçi həlak olub.
Qəza dəmiryolçuların 1 saylı platformada relslərin təmiri və yenilənməsi işlərinə başlayarkən baş verib və hadisə zamanı qatarın saatda 160 kilometr sürətlə hərəkət etdiyi müəyyən edilib.
Qəza ilə bağlı araşdırmaya başlayan İvrea Prokurorluğunun hadisənin necə baş verdiyini araşdırdığı və işçiləri vuran qatarın maşinistinin dindiriləcəyi açıqlanıb.
Qəzadan sonra işçiləri vuran qatarın hadisə yerinin araşdırılması üçün xətdə saxlandığı, buna görə də Torino-Milan xəttində şəhərətrafı xidmətlərin dayandırıldığı paylaşılıb.
İtaliya Dövlət Dəmir Yolu (RFI) şirkətindən verilən açıqlamada qəza zamanı qəzaya uğrayan qatarın kommersiya ekspedisiyasında olmadığı, texniki xidmət işçilərinin isə xarici podratçı şirkətin işçiləri olduğu bildirilib.
Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini verdiyi yazılı açıqlamada qəzanı dəhşətli faciə kimi qiymətləndirib və həlak olan işçilərin yaxınlarına başsağlığı verib.