Qabon prezidenti ev dustaqlığına buraxılıb


Qabon prezidenti Əli ben Bonqo Ondimba ev dustaqlığındadır.


Bu barədə AFP agentliyi Afrika ölkəsində hakimiyyəti ələ keçirmiş hərbçilərə istinadən məlumat yayıb.

"Prezident Əli bin Bonqo Ondimba ailəsi və həkimlərinin əhatəsində ev dustaqlığındadır", - deyə hərbçilər televiziyada oxunan kommünikedə bildiriblər. Qeyd edilib ki, dövlət başçısının oğullarından biri dövlətə xəyanətə görə həbs edilib.

Hərbçilərin müraciətində Qabon prezidenti ilə yanaşı, hökumət üzvləri də daxil olmaqla daha bir neçə nəfərin həbs edildiyi də bildirilir. Onların arasında prezidentin oğlu, prezident administrasiyasının rəhbəri Nurəddin Bonqo Valentin, administrasiya rəhbərinin müavini Yann Ghislain, dövlət başçısının müşaviri Məhəmməd Əli Salyou, prezidentin mətbuat katibi Əbdül Hüseyni, Cessi Ella Ekoqa, həmçinin hakim Qabon Demokratik Partiyasının iki yüksək vəzifəli nümayəndəsi də var. "Yuxarıdakı şəxslər milli qurumlara xəyanət, dövlət vəsaitlərinin oğurlanması, mütəşəkkil qrupların tərkibində beynəlxalq miqyasda maliyyə fırıldaqları və korrupsiya faktları ilə bağlı həbs ediliblər", - deyə hərbçilər bildirib.

Bundan əvvəl hərbçilər bütün dövlət orqanlarını ləğv etdiyini və Qabonda tam hakimiyyəti öz üzərinə götürən keçid dövrü və qurumların bərpası üçün komitə yaratdığını bəyan etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu