ABŞ hərbi çevrilişlə əlaqədar Qabona yardımı dayandırıb
ABŞ dövlət katibi Entoni Blinken Qabonun keçmiş lideri, prezident Əli Bonqo Ondimbanın hakimiyyətdən kənarlaşdırılmasına səbəb olan şərtlərə baxılana qədər Qabon üçün xarici yardım proqramlarının dayandırıldığını elan edib.
Blinken verdiyi açıqlamada, dayandırmanın neftlə zəngin olan Mərkəzi Afrika ölkəsində ABŞ hökumətinin fəaliyyətinə təsir etməyəcəyini deyib. Bəyanatda ABŞ tərəfindən maliyyələşdirilən hansı proqramların dayandırıldığı dəqiqləşdirilməyib.
Qabon bu ilin əvvəlində Nigerdə hökumətin devrilməsindən sonra hərbi çevrilişə məruz qalan ikinci ölkədir. ABŞ Nigerə də bəzi yardımı dayandırıb.
"Bu müvəqqəti tədbir Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyinin, Afrika İttifaqının və digər beynəlxalq tərəfdaşların atdığı addımlara uyğundur və biz Qabonda faktları yerində araşdırdığımız müddətdə davam edəcək" - ABŞ dövlət katibi belə deyib.
Bu ayın əvvəlində Qabonun yeni hərbi lideri ailəsi ölkəni 50 ildən çox idarə edən prezidenti devirdikdən bir həftə keçməmiş dövlət başçısı kimi and içib.