BRİCS ölkələri birgə bəyannamə qəbul ediblər


Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının daxil olduğu BRİCS-in Yohannesburqda keçirilən 15-ci sammitində birgə bəyannamə qəbul edilib.


2-ci Yohannesburq Bəyannaməsində daha ədalətli beynəlxalq nizam və çoxqütblü sistemin bərqərar olması, davamlı inkişaf və inklüziv artım üçün BRİCS ölkələri arasında əməkdaşlığın vacibliyi vurğulanıb.

Bəyannamədə inkişaf etməkdə olan ölkələrin BMT-də, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) daha çox təmsil olunması çağırışı təkrarlanır.

COVID-19-un qlobal iqtisadiyyata dağıdıcı təsirinin davam etdiyinə diqqət çəkən bəyannamədə çoxtərəfli maliyyə qurumlarının iqtisadi siyasətlərdə qlobal konsensusa nail olmaq üçün təşviq edildiyi paylaşılıb.

Bəyannamədə dünya ərzaq istehsalının üçdə birini istehsal edən BRİCS ölkələrinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq yolu ilə ərzaq təhlükəsizliyinin təmin edilməsinə önəm verdiyi vurğulanıb.

BRİCS-in 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi çağırışı təkrarlanıb və gələn ay Nyu Yorkda keçiriləcək Dayanıqlı İnkişaf Məqsədləri Sammitinin bu baxımdan mühüm imkanlar yaratdığına diqqət çəkilib.

Həmçinin Braziliyanın COP30 iqlim dəyişikliyi sammitinə ev sahibliyi etmək üçün namizədliyinin müsbət qarşılandığı və 2025-ci ilin iqlim dəyişikliyinə qlobal reaksiyanın gələcəyində əsas rol oynayacağı qeyd edilib.

Bəyannamədə BRİCS üzvləri arasında sürətli, ucuz, şəffaf və təhlükəsiz pul axınının təmin edilməsi üçün tələb olunan ödəniş sistemlərinin inkişafının dəstəkləndiyi vurğulanıb.

Üzv ölkələr arasında yerli valyutada olan müqavilələrin əhəmiyyəti vurğulanaraq, yerli valyutalardan istifadənin təşviq edilməsinin zəruriliyinə diqqət çəkilib.

Həmçinin qeyd olunub ki, Yeni İnkişaf Bankı (NDB) üzv ölkələrin infrastrukturunun və davamlı inkişafının təşviqində mühüm əhəmiyyət kəsb edir.

Bəyannaməyə görə, BRİCS-in genişlənməsi qərarının bir hissəsi olaraq Argentina, BƏƏ, Efiopiya, İran, Misir və Səudiyyə Ərəbistanı icmaya dəvət edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu