Azərbaycanın 16 vətəndaşı Suriyadan repatriasiya edilib
3 avqust 2023-cü il tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 16 nəfərin repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Qeyd edilib ki, repatriantların 3-ü qadın, 13-ü uşaqdır. Uşaqlardan bir nəfəri hər iki valideynini itirib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi baş tutub.
Bu prosesin reallaşmasına Türkiyə Respublikası tərəfindən dəstək verilib. Belə ki, əvvəl vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, razılıq əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.
İraq və Suriyadan Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin repatriantların vətənə qayıdışı üçün Türkiyə Respublikasına ezam edilib.
Sözügedən şəxslərin ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və onlar ölkəmizə müvafiq təyyarə biletləri ilə təmin edilib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini davam etdirir.