Rəşad Dağlıya 11 il cəza istənildi
Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda prokuror Orxan Səmədov ittiham nitqi ilə çıxış edib.
Prokuror Rəşad Dağlının qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Meyxanaçı təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir.
Qeyd edək ki, R. Dağlı 2022-ci ilin noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.
Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.