BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının sayının artırılması müzakirə olunub
Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının mövcud kvotalara uyğun olaraq sayının artırılması məsələsinin vacibliyini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə müzakirələr Bakıda səfərdə olan T.Valovaya iyulun 6-da Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.
Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirib və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.