Rusiya Zaporojye AES-ə terror hücumu planlaşdırır - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasında radiasiya sızması da daxil olmaqla terror aktı ssenarisini nəzərdən keçirdiyini iddia edib.
AFN.az-ın xəbərinə görə, Zelenski sosial media hesabında verdiyi açıqlamada Ukrayna kəşfiyyat və təhlükəsizlik xidmətinin hesabatlarını səsləndirib.
Rusların yeni hücumlar planlaşdırdığını qeyd edən Zelenski, "Kəşfiyyat Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasında radiasiya sızması ilə bağlı terror hücumu ssenarisini nəzərdən keçirdiyi barədə məlumat aldı. Bunun üçün hər şeyi hazırlayıblar" - deyə bildirib.
Vladimir Zelenski əllərində olan bütün məlumat və sübutları tərəfdaşlarına çatdırdıqlarını deyib: "Avropa, ABŞ, Çin, Braziliya, Hindistan, ərəb dünyası, Afrika ölkələri və beynəlxalq təşkilatlar bunu bilməlidir. Atom elektrik stansiyalarına qarşı terror hücumlar əsla heç bir yerdə baş verməyib. Bu dəfə Kahovka bəndi kimi olmamalıdır. Dünyaya xəbərdarlıq edilib, dərhal hərəkətə keçilməlidir".
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Zelenskinin iddiasını "yalan" adlandırıb.