Sürixdə qadınlar tətil ediblər
Sürixdə yüzlərlə qadın və qız bu il "Əmək haqqı, vaxt, hörmət" şüarı ilə ümummilli qadın tətili çərçivəsində nümayiş keçirib.
AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, artıq 30 ildən çoxdur İsveçrədə hər il iyunun 14-də qadınların tətilləri keçirilir. 1981-ci ilin bu günündə ölkədə əmək haqqı da daxil olmaqla kişi və qadınların bərabərliyi ilə bağlı Konstitusiyaya düzəliş qəbul edilib və düz 10 il sonra yüz minlərlə isveçrəli qadın bu qanunvericilik dəyişikliklərinə əməl olunması tələbi ilə ilk tətilini keçirib.
2023-cü ildə tətil edən qadınlar gender əsaslı, cinsi və məişət zorakılığı ilə mübarizə üçün ümummilli tədbirlər görməyi, pulsuz abort hüququnun ölkə Konstitusiyasında təsbit edilməsini və hər iki valideyn üçün analıq məzuniyyətinin bir ilədək uzadılmasını tələb edirlər. Qeyd edək ki, indi İsveçrədə qadınların 14 həftəyə qədər ödənişli analıq məzuniyyəti hüququ var.
Sürixdəki aksiya razılaşdırıləb və insidentsiz baş tutub. İştirakçılar bərabərliyi dəstəkləyən şüarlar səsləndirib, mahnılar oxuyublar.