Ceyhun Bayramov yaxın vaxtlarda Vaşinqtonda daha bir görüş keçirəcəyini açıqlayıb
Vaşinqton danışıqları praktiki müsbət nəticə verib. Sənəddə razılaşdırılmış bəndlərin sayı artıb.
AFN.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Ancaq açıq suallar hələ də qalmaqdadır. Bəzi məsələlərdə tam razılıq əldə olunmayıb, ona görə də proses davam edəcək”, - nazir bildirib.
Bayramov bildirib ki, yaxın vaxtlarda Vaşinqtonda növbəti görüşün keçirilməsi planlaşdırılır. “Bilirsiniz ki, sülh müqaviləsi üzrə danışıqlara Azərbaycan tərəfinin təşəbbüsü ilə başlanılıb, əsas prinsiplər Azərbaycan tərəfindən elan edilib, sülh müqaviləsinin ilk layihəsi Azərbaycan tərəfindən təqdim olunub. Beynəlxalq hüquqa və prinsiplərə uyğun olaraq sülhün əldə olunmasını qaçılmaz hesab edirik. Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşdırılması haqqında saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil”, - deyə Ceyhun Bayramov bildirib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev sülh sazişinin “qaçılmaz” olduğunu bildirib.