Daha bir neçə şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Cəlilabad, Bakı-Siyəzən, Bakı-Qusar və Bakı-Xudat şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AFN.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Müsabiqədə Azərbaycanda qeydiyyatda olan hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edə bilərlər. Sənədlər bu gündən başlayaraq 30 gün müddətində AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e- poçt: ramil.musayev@ayna.gov.az) qəbul ediləcək.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Qusar-Bakı istiqamətində 11, Bakı-Şabran-Bakı istiqamətində 5, Bakı-Siyəzən-Bakı və Bakı-Xudat-Bakı istiqamətlərində hərəsində 3, Bakı-Cəlilabad-Bakı istiqamətində 2, Bakı-Oğuz-Bakı, Bakı-Göyçay-Bakı və Bakı-İsmayıllı-Bakı istiqamətlərində hərəsində 1 Lot üzrə baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.