ATU-nun rektoru İnönü Universitetinin rektoru ilə görüşüb


Professor Sezai Yılmaz: “İndiyədək görmədiyimiz ağır günləri yaşadıq”


“Zəlzələdən sonra biz indiyədək görmədiyimiz ağır günləri yaşadıq. On minlərlə insan evsiz-eşiksiz qaldı, günlərlə aclıq keçirdi. Amma ən çətini əzizlərimizi itirməyimiz idi”. Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə görüşündə İnönü Universitetinin rektoru, professor Sezai Yılmaz bildirib.

“Təbabətin aktual problemləri – 2023” beynəlxalq elmi-praktik konqresinin fəxri qonağı olan professor Sezai Yılmaz həmin günlərdə Türkiyənin yanında olan, ilk köməyə gələn Azərbaycan xalqına və rəhbərliyinə təşəkkürünü çatdırıb. Qonaq həmçinin ATU-da keçirilən “Təbabətin aktual problemləri – 2023” beynəlxalq elmi-praktik konqresinin əhəmiyyətini vurğulayaraq tədbirin işinə uğurlar arzulayıb.

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli qardaş Türkiyənin bu ağır günləri geridə qoyacağına, türk xalqının tezliklə gücünü toplayıb ayağa qalxacağına inandığını bildirib. G.Gəraybəyli ATU üçün əlamətdar olan günü paylaşdığına və tədbirdə iştirakına görə həmkarına təşəkkürünü bildirib.

Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak edirdilər.

Qeyd edək ki, professor Sezai Yılmaz Səhiyyə Nazirliyi və ATU-nun təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2023” konqresi çərçivəsində Bakıda səfərdədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu