Dövlət Xidməti sertifikatlaşdırma xidmətləri göstərən şirkəti cəzalandırıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sertifikatlaşdırma xidmətləri göstərən “Azunisert” MMC-ni cəzalandırıb.
Bu barədə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, şirkət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin ona verdiyi icazə sənədindən (akkreditasiya attestatından) istifadə edərək qanunvericiliyin tələblərini pozub, akkreditasiya sahəsindən kənara çıxaraq müxtəlif sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları təqdim edib. Bu fakt sahibkarlıq subyektlərinin və istehlakçıların qanunla müəyyən edilən hüquq və mənafelərinin pozulmasına, habelə onların çaşdırılmasına səbəb ola bilər.
“Azunisert” uyğunluq sertifikatlarının ləğvi barədə müvafiq yazılı göstərişləri yerinə yetirməyib. Qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Xidməti şirkət barədə ayrı-ayrı qanun pozuntuları üzrə inzibati xəta haqqında protokollar tərtib edib və aidiyyəti üzrə baxılması üçün məhkəmə orqanlarına göndərib. Məhkəmə Dövlət Xidmətinin hərəkətlərini qanuni hesab edib və “Azunisert” hüquqi şəxs qismində inzibati cərimə edilib.
Eyni zamanda, Azərbaycan Akkreditasiya Mərkəzinin apardığı illik qiymətləndirmə çərçivəsində “Azunisert”in sertifikatlaşdırma sahəsində fəaliyyətinin akkreditasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilib. Dövlət Xidmətinin təqdimatı əsasında şirkətin sertifikatlaşdırma sahəsindəki akkreditasiyasının dayandırılması barədə qərar qəbul edilib.