Ermənistan bu gün "Qarabağ Azərbaycandır və nida" sözlərimizi təkrar etməlidir - Prezident
"Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır və nida" sözlərimizi təkrar etməlidir".
AFN.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu gün Salyan rayonuna səfəri zaman Dövlət Televiziyasına müsahibəsində deyib. "Əgər "A" deyibsə, "B" də deməlidir" deyən İ.Əliyev əlavə edib ki, Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır: "...İşin gedişatı bunu göstərir, çünki başqa yol da yoxdur. Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun".