Tovuzun bu kəndi susuzluqdan əziyyət çəkir - ŞİKAYƏT
Tovuzun Yuxarı Öysüzlü kənd sakinləri içməli su problemindən şikayətçidirlər.
Musavat.com-a məktubla müraciət edən sakinlər bildirirlər ki, su xəttinin istismar müddəti bitdiyi üçün yararsız hala düşüb.
Onlar deyirlər ki, Yuxarı Öysüzlü kəndinə 1982-ci ildə Tovuz çayından öz axını ilə içməli su çəkilib. Həmin su xətti uzun müddət istifadə olunduğu üçün istismar müddəti başa çatdığına görə yararsız hala düşüb:
“Buna görə də kəndə gələn su həftələrlə dayanır və camaatın haqlı narazılığına səbəb olur. Bütün dünyada içməli su çətinliyinin yaranmasını nəzərə alaraq, həmin su xəttinin cari təmir olunması kənd əhalisinin 35-40%-i təxminən 40 ildən çox içməli sudan istifadə edə biləcək. Kənddə daxili xətt istismara yararlıdır. Ancaq təmir olunası sahə Tovuz çayı yatağında aparılmalıdır. Təmirə o qədər böyük vəsait tələb olunmur. Ümid edirik ki, xahişimiz nəzərə alınacaq”, - deyə, kənd sakinləri qeyd ediblər.