Qızılağac Milli Parkında brakonyerlərə məxsus 2 qayıq, 18 ədəd sintetik tor götürülüb
Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində keçirilən növbəti nəzarət tədbirləri zamanı körfəzdə brakonyerlərə məxsus 2 qayıq aşkar edilib və su hövzəsindən 324 metr uzunluğunda 18 ədəd sintetik tor götürülüb.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
“Qeyd edək ki, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin, eyni zamanda, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən milli parkın ərazisində mühafizə rejimi daha da gücləndirilib, növbəli iş təşkil olunub”, - deyə o bildirib.
Xidmət rəisi vətəndaşları xüsusi mühafizə olunan təbiət ərazilərində tətbiq olunan mühafizə rejiminə və bundan irəli gələn qaydalara əməl etməyə, bioloji müxtəlifliyin qorunması sahəsində mövcud qanunvericiliyin tələblərini pozmaqdan çəkinməyə çağırıb.