Mariya Stadnik beynəlxalq turnirdə 35 saniyəyə qızıl medal qazanıb
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dan Kolov - Nikola Petrov turnirinə yekun vurulub.
"AFN.az"ın məlumatına görə, yarışın son günündə Azərbaycanın iki güləşçisi final görüşünə çıxıb.
Mariya Stadnikin (50 kq) qazaxıstanlı Svetlana Ankiçevayla qarşılaşması cəmi 35 saniyə çəkib. Qadınlardan ibarət yığmanın lideri rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək cari ildə ilk titulunu qazanıb.
125 kq-da çıxış edən sərbəst güləşçi Georgi Meşvildişvili isə həlledici görüşdə iranlı Mustafa Tağaniylə üz-üzə gəlib. İlk hissəni 2:0 öndə tamamlayan milli üzvü ikinci yarıda üstünlüyünü bir qədər də artırıb. Yekunda 7:2 hesablı qələbə qazanan Meşvildişvili fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan güləşçiləri ənənəvi yarışda ümumilikdə 4 medal qazanıblar. Daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal əldə edib.