Sənay Yağmur məhkəməyə çağırıldı
İctimai fəal Sənay Qəhrəmanlıya (Yağmur) qarşı təcavüzdə ittiham olunan xalası oğlu Əsgər Ağazadənin apellyasiya məhkəməsi keçirilir.
“Qafqazinfo” xəbər verir ki, sonuncu prosesdə Sənay Yağmurun məhkəməyə gətirilməsinə dair qərar çıxarılıb.
Qeyd edək ki, Əsgər Ağazadənin 5 il azadlıqdan məhrum edilməsi barədə hökmdən hər iki tərəf apellyasiya şikayəti verib. Ağazadə günahsız olduğunu iddia edərək, bəraət istəyir. Sənay isə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün çox yüngül olduğunu vurğulayaraq, ağırlaşdırılmasını tələb edir.
İşə Bakı Apelyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır. Zərəçəkmiş tərəfin iştirakı olmadan keçirilən ötən iclasda Əsgər Ağazadənin vəkili apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (yenidən dindirmələr, sübutların araşdırılması və s.) baxılması, eləcə də Sənay Yağmurun məhkəməyə gətirilməsi və dindirilməsinə dair vəsatət qaldırıb. Hakimlər vəsatətləri təmin edib. Qərar verilib ki, apelyasiya şikayətlərinə qismən istintaq keçirilməklə baxılsın. Həmçinin hazırda təhsillə əlaqədar ölkədən kənarda olduğu bildiriən zərərçəkmiş Sənay Yağmur məhkəməyə gəlsin və dindirilsin.
İş üzrə növbəti iclas martın 10-na təyin edilib.
Xatırladaq ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı 2020-ci ilin avqustunda xalasıoğlunun ona tərkibi bəlli olmayan içki içirdiyini, buna görə öz hərəkətlərini idarə etmək iqtidarında olmadığını və daha sonra təcavüzə uğradığını iddia edir.
Məsələ ictimailəşdikdən sonra 2021-ci ildə Əsgər Ağazadə barəsində Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi cinayət işi başlanıb. Xalası oğlunun Sənaya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən olunub. Ağazadə özü isə ittihamı qəbul etmir. O, xalası qızının ona böhtan atdığını bildirir.