"Asan imza" sistemi çökdü: Dövlət Vergi Xidməti heç bir açıqlama vermədi


Artıq bir neçə saatdır ki, "Asan imza"dan istifadə etmək mümkün deyil. Nə "Asan imza" şəxsi kabinetə daxil olmaq, nə də "Asan login"də "Asan imza"dan istifadə edərək resurslara və xidmətlərə giriş mümkün deyil. Qaynar xətdə zəng etdikdə, "Asan imza" sistemində texniki problemin olmasını təsdiqləyiblər.


AFN.az xəbər verir ki, bunu İT üzrə mütəxəssis Osman Gündüz deyib. O qeyd edib ki, "Asan imza" şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bununla bağlı heç bir açıqlama verilməyib: "Düşünmək olar ki, problem son zamanlar DVX-nin öz sistemlərini yeniləməsi, AVİS-in yenidən qurulması, yeni mobil resurslar yaratması və inteqrasiyası ilə də bağlı ola bilər. İstənilən halda, uzun müddət dövlətin əsas identifikasiya sisteminin işləməməsi normal bir vəziyyət deyil. Dövlət resursları, strateji əhəmiyyət kəsb edən xeyli sistemlər, sahibkarlıq və biznes əməliyyatları əsasən məhz "Asan imza" üzərində qurulub".
Mütəxəssisin sözlərinə görə, sahibkarlıq sektorunda, hüquqi şəxslərdə mobil rəqəmsal imza sahəsində hazırda böyük bir inhisarçılıq var. ASAN Xidmətə dəxli olmayan, yetərincə baha xidmət olan (aylıq 2.5 manat istifadə haqqı) "Asan imza" sahibkarlıq və digər strateji sahələrdə mobil imza olaraq uzun illərdi ki, inhisarçılığını saxlayır: "Ölkənin digər bir rəqəmsal imzası, RİNN-ə məxsus olan SİMA hələlik sahibkarlıq sektoruna inteqrasiya edə bilməyib.
Odur ki, bu anda "Asan imza" ilə problemi olan sahibkar, biznes qurumu vergi məsələləri və digər əməliyyatlarla bağlı SİMA-dan istifadə edə bilməz. Nə xidmət ala bilər, nə də hansısa bir vacib əməliyyat. Fikrimcə bu vəziyyət İqtisadiyyat Nazirliyini, RİNN-i, Antiinhisar Xidmətini ciddi düşündürməlidir. Nə üçün SİMA indiyədək Dövlət Vergi Sisteminə inteqrasiya olunmayıb? Burada kiminsə, hansısa qurumun və ya şəxsin, "Asan imza"nın aid olduğu xarici şirkətin maraqları varmı? Bir ildən çoxdir ki, yetərincə çevik, effektiv və əlçatan, pulsuz olan SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, vergi sisteminə nə üçün inteqrasiya olunmaması xeyli düşündürücüdür".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu