Çin-Tacikistan sərhədində 7,2 bal gücündə zəlzələ baş verib
Çin və Tacikistan sərhədində bu gecə 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların təsiri haqqında hələ heç bir məlumat yoxdur.
AFN.az xəbər verir ki, bu barədə yerli media Çin seysmoloji mərkəzinin hesabatına istinadən bildirib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də Tacikistan və Çin sərhədində güclü zəlzələ qeydə alıb. Qurum əvvəlcə təkanların maqnitudasını 7,1 hesablasa da, sonradan bu rəqəmi 6,8-ə endirib.
Zəlzələnin episentrinin təxminən 20 kilometr dərinlikdə olduğu bildirilir. Yeraltı təkanlar Tacikistanın Murqab şəhərindən 66 km, Qırğızıstanın Oş şəhərindən 260 km aralıda baş verib.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyə və Suriya güclü zəlzələlərə məruz qalmışdı. Yeraltı təkanlar nəticəsində 40 mindən çox insan həlak olub, 100 mindən çox yaralı var, çoxlu sayda ev dağılıb.