Rusiya və Ukrayna futbolçuları arasında dava
Antalya yaxınlığındakı Türkiyə otellərindən birində Ukraynanın Ujqorod şəhərinin “Minay” klubu ilə Rusiyanın Yaroslavl şəhərinin “Şinnik” klublarının futbolçuları arasında dava düşüb.
AFN.az-ın xəbərinə görə, “Baza” teleqram kanalı əvvəlcə yazıb ki, fevralın 13-ü axşam saatlarında ukraynalı futbolçular ruslardan Ukrayna himnini ifa etməyi tələb etməyə başlayıblar. Buna cavab olaraq ruslar məsələni çıxıb küçədə həll etməyi təklif ediblər.
Daha sonra “Baza” xəbər verib ki, münaqişə ukraynalıların ruslardan niyə Rusiya rejiminə etiraza qalxmadıqlarını soruşmasından sonra baş verib. Əvvəlcə qalmaqal səngisə də, sonradan bir rusiyalı futbolçu ukraynalı idmançılarla liftə minib və yenidən dava düşüb. Lift yerə çatanda “Şinnik” oyunçuları davaya müdaxilə ediblər.
Vuruşanları zəngə gələn polis ayıra bilib.
Ukrayna mətbuatı münaqişənin ukraynalı idmançıların otel işçilərinə qarşı kobudluq edən rusiyalı futbolçuya irad bildirməsindən sonra baş verdiyini yazır.
İdmançılar Türkiyədə təlim-məşq toplanışındadırlar. Döyüşdən sonra komandalar müxtəlif otellərə yerləşdirilib. “Minai”nin idman direktoru qeyd edib ki, rus və ukraynalı futbolçular bir yerdə yerləşdirilə bilməzlər.
"RİA Novosti"nin məlumatına görə, "Şinnik" Türkiyə tərəfindən Yaroslavldan olan futbolçuları Ukrayna komandası ilə eyni oteldə əvvəlcə deyil, zəlzələdən sonra yerləşdirməyi xahiş edib.
M.Vahidli