Gəlinini doğrayıb zibil qutusuna atan qayınata hökmdən narazıdır
Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyiti parçalara bölərək zibil qutusuna atan qayınata - İdris Məhərrəmov - barəsindəki hökmdən kassasiya şikayəti verib.
AFN.az-ın Pravda.az-a istinadən məlumatına görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.
Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 15-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İdris Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, 2021-ci il yanvarın 27-də paytaxtın Nəsimi rayonu, Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb.
İdris Məhərrəmov saxlanılıb və ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.