Ukrayna Avropa İttifaqı ilə vahid bazar sazişi imzaladı
Kiyevdə Ukrayna hökuməti ilə Avropa Komissiyasının geniştərkibli görüşü keçirilib.
AFN.az xəbər verir ki, görüş zamanı Ukraynanın Aİ-nin Vahid Bazar proqramında iştirakı ilə bağlı saziş imzalanıb.
Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Vahid Bazar proqramının büdcəsi 4,2 milyard avro təşkil edir. Sənədin əsas komponentlərindən biri biznesin rəqabət qabiliyyətinin inkişafıdır. Şmıqalın sözlərinə görə, Ukraynanın bu layihədə iştirakı Ukraynalı sahibkarlara əlavə dəstəyə töhfə verəcək.
Məlumat üçün bildirək ki, Vahid Bazar 2021-2027-ci illər üçün təsdiq edilmiş proqramdır və məqsədi Aİ ölkələrinin bazarlarına çıxışı sadələşdirmək, Aİ ölkələrində kiçik və orta biznesi dəstəkləməkdir.
Avropa Komissiyası yaxın vaxtlarda Ukraynaya yeni maliyyə yardımı paketini elan edəcək. Təşkilatın büdcə və insan resursları üzrə komissarı Yohannes Han bu gün bildirib ki, yeni paket 145 milyonu humanitar yardım olmaqla 400 milyon avro təşkil edəcək. Komissar həmçinin qeyd edib ki, Ukraynanın Avropa İttifaqına daxil olması prosesi sprint deyil, marafon olacaq. "Hər şey Ukraynanın islahatlar yolunda irəliləməsindən asılı olacaq" - deyə Han bildirib.