“Qarabağ” Kadidən sonra onu da satdı - ŞOK TRANSFER
Kadi Borgesi “Krasnodar”a satan "Qarabağ" az öncə daha bir futbolçusu ilə rəsmən vidalaşıb.
Ağdam klubu Kvabena Ovusunu “Ferentsvaroş”a satıb.
Qanalı hücumçu bu gün yeni klubu ilə müqavilə imzalamaq üçün Macarıstana yollanacaq.
26 yaşlı forvardın tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə 2,5 illik kontrakt bağlayacağı gözlənilir.
Onun seçimi Azərbaycan çempionuna təzminat pulu qazandıracaq. "Köhlən atlılar" sözləşməsi yayda başa çatacaq afrikalının vaxtından əvvəl buranı tərk etməsinə görə 250-300 min avro pul alacaq.
Budapeşt təmsilçisi gələcəkdə onu başqa bir komandaya satarsa, həmin kontraktdan əldə olunacaq vəsaitin müəyyən hissəsi "Qarabağ"a çatacaq.
"Qarabağ"a 2023-cü ilin yanvar ayında "Leqanes"dən (İspaniya) transfer olunan Ovusu cari mövsümdə meydana çıxdığı 34 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.