Səfirliyə qarşı törədilən terror aktının arxasında İran xüsusi xidmət orqanları dayanır
“Caliber.Az” xəbər portalı mötəbər mənbələrdən daxil olan məlumata əsasən, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktının arxasında İran xüsusi xidmət orqanları dayanması barədə açıqlama yayıb.
“İran tərəfi əvvəlcə öz izlərini ört-basdır etməyə və diqqəti yayındıran informasiya hay-küyü yaratmağa çalışaraq, guya “erməni izi” ilə bağlı fikirlər səsləndirir ki, bu da açıq-aşkar yalan və Azərbaycan ictimaiyyətini çaşdırmaq cəhdidir.
İran təbliğatının əsas götürdüyü növbəti versiya: guya iranlı Yasin Hüseynzadə “arvadını azad etmək” üçün iki uşağı ilə gəlib və hansısa səbəbdən səfirliyin ərazisində saxlanılıb. Bu həm də təmiz uydurmadır və İran xüsusi xidmət orqanlarının planlaşdırdığı terror aktını məişət zəminində təqdim etmək üçün ucuz cəhddir.
Üstəlik, Tehranın polis rəisi cinayətkarın İran polisi tərəfindən saxlanılması barədə yalan danışır. İnanmırsınız? İndi videonu dərc edəcəyik.
İran xüsusi xidmət orqanlarının terror aktının məqsədi həmin vaxt binada olan Azərbaycan səfirliyinin istisnasız olaraq bütün əməkdaşlarının güllələnərək öldürülməsi olub.
Şəhid bahasına canını verən səfirliyin mühafizə xidmətinin şücaəti sayəsində bundan böyük faciə baş vermədi”-məlumatda belə qeyd edilir.
Xatırladaq ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı basqın edilib.
Hücumçu mühafizə postuna soxulub və təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu “Kalaşnikov” avtomatı ilə öldürüb.
Səfirliyin iki mühafizəçisi hücumu dəf edərkən yaralanıb.
M.Vahidli