Bu gün Saakaşvilinin növbəti məhkəməsi olacaq
Bu gün Tbilisi şəhər məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı növbəti məhkəmə prosesi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Məhkəmə prosesi 14:00-da başlayacaq. Gürcü siyasətçinin prosesə müalicə aldığı klinikadan onlayn qaydada qoşulub-qoşulmayacağına həkimlər qərar verəcək.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.
Saakaşvili cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb.
Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.
M. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı. O, ötən il dekabrın 22-si keçirilən iclasa klinikadan videobağlantı ilə qoşulmuşdu.