"Azəriqaz" və digər kommunal qurumlar bütün məsələlərə özləri nəzarət edirlər, bu, effektiv üsul deyil - ŞƏRH


Bir neçə gün öncə "Azəriqaz" İB ASAN Xidmətlə birgə elektron xidmətlərin təqdimatını edib. İlk baxışdan təəssürat yarana bilər ki, yəqin Prezidentin imzaladığı fərmanlarda və sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan "kommunal xidmətlərin vahid informasiya sistemi" təqdim edilib. Təəssüf ki, söhbət adi informativ yönümlü xidmətlərdən gedirmiş.


AFN.az xəbər verir ki, prosesi informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz şərh edib. Onun sözlərinə görə, kommunal qurumlar, xüsusən də "Azəriqaz" rəhbərliyi tərəfindən əhali arasında, abonentlər arasında nə qədər iş görülür görüntüsü canlandırılsa da, problemlər qalır: "Qəribədir ki, illər öncə "ASAN Kommunal" yaratmaq mümkün olduğu halda, keçən dövr ərzində rəqəmsallaşma xeyli inkişaf etməsinə baxmayaraq, onun rəqəmsal variantını yaratmaq mümkün olmayıb".
Ekspert qeyd edir ki, belə bir sistemin qurulması, vətəndaşların bir şəxsi kabinet vasitəsilə onlayn formada bütün kommunal xidmətlərə nəzarət etmək, sərfiyyatı izləmək imkanı deməkdir. Həmçinin abonentlər müqayisələr apara bilərdi, proseslər tam elektronlaşardı, limitlərin sıfırlanması bir anda baş verərdi, distant formada sayğacla bağlı qərarlar icra olunardı, qeyri-qanuni müdaxilələr aradan qalxardı və s. O.Gündüzün sözlərinə görə, bu sistemin qurulması və işləməsi üçün təbii ki, ağıllı, kənardan idarə olunan sayğaclar lazımdır: "Son zamanlar "Azəriqaz" həm mexaniki sayğacların "ağıllı" -onlayn formaya keçirilməsi, eləcə də onlayn rejimdə işləyən ağıllı sayğaclar quraşdırılmasına diqqəti artırıb. Amma təəssüf ki, kommunal sektorda "ağıllı" sayğaclar yetərli deyil. Qurum son dövrlərdə smart-kart tipli sayğacları mexaniki-elektron tipli sayğaclarla əvəz edib və bu proses davam edir. Eyni zamanda yeni smart-kart sayğaclar və tam onlayn rejimdə işləyən sayğaclar tətbiq etməyə başlayıb.
Ümumiyyətlə, hazırda Azəriqaz şəbəkəsində aşağıdakı sayğac tiplərindən istifadə edilir:
1. Smartkart tipli sayğaclar, oflayn rejimdə işləyir
2. Mexaniki-elektron sayğaclar, oflayn işləyir
3. Mexaniki-elektron saygaclar+ona quraşdırılmış xüsusi qurğu, radiodalğalar vasitəsilə onlayn rejimdə işləyir
4. Mobil operatorların Sim-kartı ilə təmin edilən və GPRS texnologiya ilə onlayn rejimdə işləyən sayğaclar
Təbii inhisar subyekti olan "Azəriqaz" və eləcə də digər kommunal qurumlar bütün sayğac məsələlərinə, onlara avadanlıq və proqram təminatı yüklənməsinə, billing məsələlərinə, məlumatların ötürülməsinə və öz ofislərində emal edilməsinə, bildirişlər hazırlanmasına özləri nəzarət edirlər.
Fikrimcə, təbii inhisar suyektləri üçün bu, ciddi risklər yaradır.
Məhz cəmiyyəti narahat edən, abonentləri sayğac-sərfiyyat üzrə aldadılacağı ilə bağlı narahat edən əsas məqamları burada axtarmaq lazımdır. Bu sahədə dövlət və ictimai nəzarət imkanlarının təkmilləşdirilməsinə də ciddi ehtiyac var. Ümid edirəm, "Azəriqaz" və adı çəkilən vahid elektron şəbəkənin qurulmasına cavabdeh olan ASAN, Energetika Nazirliyi bu sistemi yaxın zamanda heç olmasa pilot rejimdə hazırlaya biləcəklər".
O.Gündüzün fikrincə, kommunal sektorda vahid rəqəmsal platforma yaratmaqla, sayğaclara dövlət və ictimai nəzarət üçün daha effektiv, ağlabatan, şəffaf mexanizmlər qurmaqla mövcud problemləri birdəfəlik həll etmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu