Prezidentin müsahibəsi ötən ilin parlaq yekunu, yeni ilin dəqiq yol xəritəsi oldu - Qənirə Paşayeva yazır


AFN.az Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın müəllif yazısını təqdim edir:


Prezident İlham Əliyevin yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsi yeni ilin ilk belə müsahibəsi olmaqla yanaşı, çox önəmli ismarıcları ilə gündəm oldu. Bu da təsadüfi deyil, təbii. Əlbəttə, jurnalistlərin verdiyi sualların əksəriyyəti ictimai fikrimizin ən aparıcı mövzularını təşkil edirdi və keçmiş işğalçı Ermənistana, onun havadarlarına yönəlik idi. Nə üçün? Çünki 44 günlük müharibədən keçən 26 aya yaxın müddət göstərməkdədir ki, haqq etdiyi ağır məğlubiyyətə uğrayan Ermənistanda hələ də revanşist qüvvələr var və onlar həm rəsmi qurumlarda həm də müxalifətdə təmsil olunur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin cavablarında vurğulandığı kimi, bizi 2021, 2022-ci illər içində daha bir neçə kərə Dəmir Yumruq tətbiqinə məcbur edən Ermənistan revanşizmdən birmənalı şəkildə imtina etməlidir. “Müharibə bitsə də, mübarizə hələ davam edir”. – Bu mübarizə az qala bütün əməli fəaliyyət sahələrini əhatə edir: siyasi-diplomatik, hərbi, iqtisadi, sosial, mədəni, mənəvi, psixoloji və s...

Bəli, 44 günlük müharibədəki şanlı Zəfərdən sonra respublikamızın nüfuzu dünyanın dörd tərəfində yüksəldi və bu yüksəliş davam etməkdədir. Beynəlxalq platformalar, necə deyərlər, dünya siyasi elitası Azərbaycanın tarixi Zəfərini – 30 illik işğala ayyarımdan da az müddətdə son verməyimizi getdikcə daha dərindən anlayır, “tərcümə” və idrak edir, ona görə də yüksək dəyərləndirilir. Çünki qarşımızdakı yalnız “qalib ədalı cırtdan” Ermənistanla deyildi; biz faktiki olaraq dünya erməniliyinin sarıb-sarmaladığı (yaxud onları sarıb-sarmalayan) güclü himayədarları ilə mübarizədəydik. Biz açıq-gizli güclərin ikilistandartlarına qarşı mübarizə aparırdıq; biz faşizmin, terrorizmin XXI yüzildəki ən peşəkar təmsilçisi ilə, bədnam vandalizm təcrübəsi ilə mübarizədəydik. Bizim qarşımızdakı Şər idi və Tanrı Xeyirin Zəfərini Azərbaycanın əli ilə - Dəmir Yumruqla yerinə gətirdi. Baxmayaraq ki, o Şəri BMT Təhlükəsizlik Şurasının ən azı iki daimi üzvü müxtəlif forma və məzmunda davamlı müdafiə edir, qoruyur, zəruri sandıqları silahlarla ən dolama yollarla olsa belə təmin edirdi...

Ona görə də, “İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi.
Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib”.

Digər əməli fəaliyyət sahələrinə gəldikdə qısa şəkildə vurğulayaq ki, ərazilərimizin minalardan sürət və keyfiyyətlə təmizlənməsi, sürətli və keyfiyyətli quruculuq, abadlıq işləri, Böyük Qayıdışın ilk addımlarının atılması və s. qürurla qeyd edəcəyimiz hadisələrdir. Bu işlərin parlaq şəkildə görülməsi üçün güclü iqtisadiyyat lazımıydı. – “İqtisadiyyatı güclü dövlət hər şeyə qadirdir” – Ümummilli liderin məşhur sözlərini minnətdarlıqla xatırlayırıq. Yenə Ümummilli liderin sözləridir: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. – Bu, çox sevdiyim kəlamı tez-tez işlədirəm və indi xatırlamağım da təsadüfi deyil. İqtisadiyyatımız güclü olmasa işğaldan azad etdiyimiz ərazilərimizdəki irimiqyaslı yol çəkilişlərini icra edə bilməzdik; yollar olmasa iqtisadiyyatımız inkişa etməz. – Belə deyək, bu iki faktor bir-birini tamamlamaqdadır. İndi Qarabağda, Şərqi Zəngəzurda çəkilən yollar, o cümlədən dəmir yolları, sıfırdan qurulmuş hava limanları, qazılan uzun tunellər, tikilən körpülər iqtisadiyyatımızın mövcud gücünü və perspektivini göstərməkdədir.



Dövlət başçısının yerli TV-lərə müsahibəsində yollar, nəqliyyat, kommunikasiya planında verilən ismarıcları yığcam şəkildə sıralamağa çalışaq:
- “Orta Dəhliz” Ermənistanı qıraqda - ənənəvi dalan mövqeyində kənarda saxlayan bir layihədir. – “Orta Dəhliz istiqamətdə ardıcıl siyasət aparılır. Beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. ...Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq”;
- Nəzərə alsaq ki, gələn ay bir ili tamam olacaq Rusiya-Ukrayna müharibəsinin irimiqyaslı fəsadları beynəlxalq nəqliyyat əlaqələri sahəsində də problemlər və zəruri yerdəyişmə arayışları yaradıb, ona görə Orta Asiyadan Avropaya daşınan yüklərçün yeni yol layihələrinin önəmi fövqəladə dərəcədə artırmışdır. – “Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir”;

- Ölkəmizin vacib Bakı-Yalama xətti, ardınca Ələt-Astara xətti də çağdaş standartlar səviyyəsinə gətiriləcəkdir. – “Təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir”;

Və nəhayət ən ümdəsi! – Ölkəmiz Zəngəzur dəhlizi terminini artıq geosiyasi leksikona daxil edə bilib. – “Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”!

Zəngəzur dəhlizindən danışırıqsa və xüsusi vurğulayırıqsa ki, o bir termin olaraq artıq geosiyasi leksikona daxil edilib, o zaman Qərbi Azərbaycan mövzusunu beynəlxalq arenaya çıxardığımızı da bu yerdə vurğulamalıyıq. Bu yöndə işlər konseptual əsasda aparılmalıdır, aparılır və aparılacaq! – “Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı “Qərbi Azərbaycan” mövzusunda da görməliyik”.

Yaxşı bilirik ki, “Sözümüz imzamız qədər keçərlidir”; bilirik ki, dövlətimiz bütün proqramları əksiksiz qaydada icra edir və Prezidentin “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik” sözləri dəfələrlə sübut olunub. Ona görə deyiləcək tək söz qalır:

DÖVLƏTİMİZ VAR OLSUN!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu