Azərbaycanda 50 nəfərin siyasi partiya təsis edə bilməsinə dair qanun təsdiqlənib


Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edəcək.


AFN.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Siyasi partiyalar haqqında" yeni qanunda əksini tapıb.

Qanuna əsasən, siyasi partiyanın təsis edilməsi qaydası aşağıdakı kimidir:

Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir.

Siyasi partiyanın təsis edilməsi məqsədilə təsisçilər təsis yığıncağını keçirirlər. Təsisçilərin siyasi partiyanın təsis yığıncağında nümayəndə vasitəsilə iştirakına yol verilmir.

Təsis yığıncağında siyasi partiyanın nizamnaməsi və proqramı qəbul olunur, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxs müəyyən edilir. Bu Qanunun 5.7-ci maddəsinə uyğun olaraq siyasi partiyanın nizamnaməsində və proqramında çatışmazlıqlar aşkarlanarsa təsis yığıncağında həmin sənədlərdə müvafiq dəyişikliklər edilir. Siyasi partiyanın təsis yığıncağının nəticələri protokolla rəsmiləşdirilir. Təsis yığıncağının protokolunda, o cümlədən təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilir.

Təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizənin daxil olduğu tarixdən 30 gün müddətində sənədlərin bu Qanunun 5.1–5.4-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlayır.

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, ərizənin daxil olduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyanın səlahiyyətli şəxsinə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin bu Qanunun 4.7-ci maddəsinin tələbinə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir.

Qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş məlumat daxil olduqdan sonra siyasi partiyanın səlahiyyətli şəxsi sənədlərdə aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görür və ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 5.5-ci və ya 5.7-ci maddəsində nəzərdə tutulmuş ərizənin daxil olduğu tarixdən 30 gün müddətində bu barədə məlumatı siyasi partiyanın səlahiyyətli şəxsinə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş məlumat daxil olduğu tarixdən 180 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi siyasi partiya üzvlərinin bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş sayının təmin edilməsi üçün tədbirlər görür və bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq üzvlərin reyestrini tərtib edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu