Akşənərdən sərt sözlər: "Xalçanın altına süpürdükləri pisliklər..."
Türkiyədə seçkilər yaxınlaşdıqca qüvvələr arasında mübarizə də qızışır. Mübarizə isə tənqidlərlə müşahidə edilir.
AFN.az xəbər verir ki, ölkədəki iri müxalifət partiyalarından olan İYİ Partiya sədri Meral Akşənər seçki tarixinin irəli çəkilməsilə bağlı etiraz edib. Akşənər partiyasının qrup toplantısında çıxış edərkən tarixin dəyişdirilməsinin əslində başqa məqsədlərə xidmət etdiyini açıqlayıb. "Xalçanın altına süpürdükləri pisliklərin iyuna kimi üzə çıxacağından qorxurlar" - deyən partiya sədrinin fikrincə, Ərdoğan hökuməti inflyasiyanın önləndiyi ilə bağlı yalanının partlayacağından qorxur: "Maaş artımlarının əriyib gedəcəyindən qorxurlar. Onlar da bilirlər ki, iqtisadi model deyə bir tətbiq yoxdur. İnflyasiya canavarı elan ediləndən daha çox böyüyür. Cənab Ərdoğan, siz özünüz narahat olmayın. Yaxın 5 ayda seçiləcəyiniz tarix yoxdur. Sizin üçün sandıq başında təqaüdə çıxmaqdan başqa çarə yoxdur, prezidentliyiniz pis keçdi, heç olmasa yubileyiniz xoş keçsin”.