Xalq artisti Fikrət Verdiyevlə vida mərasimi keçirilir
Təzəpir məscidində Azərbaycanın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblının yaradıcısı, tarzən Fikrət Verdiyev ilə vida mərasimi keçirilir.
“Report” xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, tarzənin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərasimdən sonra mərhum Qurd qapısı qəbristanlığında dəfn olunacaq.
Qeyd edək ki, sənətçi bu gün 75 yaşında dünyasını dəyişib. O, 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. 1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla “Göygöl” xalq çalğı alətləri ansamblını yaradıb.
1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göygöl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradıb.
2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını formalaşdırıb.
F.Verdiyev məşhur xanəndə, muğam ustası Xan Şuşinskinin qızı ilə ailə qurub. İki qızı, bir oğlu, 3 nəvəsi var.