"Sülhməramlılar azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıb" - Nazir müavini
"Təəssüf ki, sülhməramlılar azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıb".
AFN.az xəbər verir ki, bunu Bakıda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.
"Şuşada ekoloji aktivistlər aksiya keçirirlər. Proseslər dekabrın 2-dən başlayıb. Dövlət qurumlarının ekspertlərindən ibarət qrup ora yollanıb.
Həmin qrup əsasən, orada olan yataqlarımızın istismarı və ekoloji monitorinqin aparılmasına şərait yaradılması ilə bağlı gedib. Təəssüf ki o, şərait yaradılmır. Bu gün səhər saatlarından Azərbaycanın ekoloji QHT və bir çox aktivistlər orada piket keçirir. Onlar Rusiya sülhməramlılarına öz etirazlarını bildirirlər. Əsas məqsəd istismarın dayandırılması, yataqlarımızdan qanunsuz istifadənin dayandırılmasıdır.
Həmçinin, bizim ekoloqlara orda dəymiş ziyanın hesablanması, ətraf mühitə təsirləri ilə bağlı monitorinqlərin keçirilməsinə şərait yaradılmasıdır. Təəssüf ki, ötən günlərdə biz buna nail ola bilmədik. Müxtəlif bəhanələrlə istəyimizin qarşısı alındı. Azərbaycan bu məsələdə israrlıdır".