Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri dünyanı qarışdırdı


Bu günlərdə dünyanın hər yerindən ekspertlərin diqqəti Çin lideri Si Cinpinin dövlət səfərinə gəldiyi Səudiyyə Ərəbistanına yönəlib.


AFN.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, çinli qonaq Ər-Riyadda şənbə gününə qədər qalmağı nəzərdə tutub. Dünya mətbuatı isə Baydenin Yaxın Şərqə yay səfərini xatırladaraq, Çin liderinin indiki səfəri ilə müqayisələr aparır. Məsələ bundadır ki, Bayden həmin səfəri zamanı Səudiyyənin Ciddə şəhərində Fars körfəzinin altı monarxı ilə görüşüb. Sözügedən sammitə Misir prezidenti, İordaniya kralı və İraqın baş naziri də qatılmışdı. Ümumilikdə isə Bayden Yaxın Şərq sammiti üçün regionun doqquz dövlət başçısını bir araya toplamışdı. Si Cinpin də Baydenin yolu ilə gedərək, Ər-Riyadda Fars körfəzinin altı monarxı ilə görüş planlaşdırıb. Amma Çin liderinin təşəbbüsü ilə baş tutacaq görüşün formatı daha geniş nəzərdə tutulub. Ərəb-Çin sammitinə ümumilikdə regionun 14 dövlətinin lideri qatılacaq. Belə çıxır ki, riyazi hesablamalarda belə, Ər-Riyad və Pekin Vaşinqtona siqnal göndərərək demək istəyirlər ki, dekabr görüşü yay görüşündən daha ciddi mövzuları əhatə edir. Baxmayaraq ki, Çin səudiyyəlilər və amerikalıların ortaq düşməni olan İranla sıx əlaqələrə malikdir.
Bu görüşə rəsmi Moska da az maraq göstərmir. Kremli narahat edən əsas sual budur: Ər-Riyadda nə müzakirə olunacaq və bu, Moskvanın maraqlarına necə təsir edə bilər? Rusiyanın sözügedən sammitə marağı başadüşüləndir. Əvvəla, bu görüşdə əsas müzakirə mövzusu neft ticarəti və enerji sektoru ilə müqavilələrlə bağlıdır. Səudiyyə və Rusiya nefti ətrafında yaranmış vəziyyətdə iki əsas məsələ ABŞ və Çinlə bağlıdır. Səudiyyə Ərəbistanı bu il Çinə orta hesabla sutkada 1.800.000 barel neft satıb. Rusiyanın satdığı neft isə 1 milyon 700 min barel təşkil edib. Çin bazarında Rusiya Səudiyyə Ərəbistanına rəqibdir və Moskva üçün əsas məsələ bu balansı pozmamaqdır. Amma ABŞ Çindən fərqli olaraq Səudiyyədən üç dəfə az neft alır. Vaşinqton dəfələrlə SƏ başda olmaqla, OPEC+ ölkələrinin hasilatı artırmasından narazılığını bildirib. Bu narazılığa rəğmən, Si Cinpin Fars körfəzi ölkələrinə enerji əməkdaşlığının yeni modelini təklif edir.
Beynəlxalq ekspertlərə görə, Si Cinpin neftlə yanaşı, digər vacib mövzuları da müzakirə edəcək. Belə ki, Bayden yayda vəliəhddən Çinin 5G-dən imtina etməyi və Amerika silahlarının tədarükü müqabilində Çin investisiyalarını ümumiyyətlə cəlb etməməyi xahiş etmişdi. Amma vəliəhdin Çin sərmayəsini cəlb etməmək tələbləri qarşılığında ikili oyunlar qurmaq bacarığnın olduğu da hər kəsə məlumdur. Onun gələcəyin şəhərinin tikintisi olan“Vision 2030” layihəsinı həyata keçirmək üçün məhz Çin və ABŞ arasında məharətlə manevrlər edəcəyi də şübhə doğurmur. Məsələn, çinlilərə Səudiyyə Ərəbistanında mövcudluq müqabilində öz texnologiyalarını sınamağa imkan yarada bilər. Vəliəhd bilir ki, Vaşinqton narazı qalacaq, amma bu zaman onun Ağ Evə ünvanlanaq sualı da hazırdır. Gələcəyin şəhərinə ABŞ investisiyası yatırılacaqmı? Səudiyyə Ərəbistanı NEOM adlanacaq şəhərə qoyulacaq investisiyaların həcmini yarım trilyon dollar həcmində qiymətləndirir. Vəliəhd bu şəhəri qurmaq planına elə aludə olub ki, şəhərin nəzərdə tutulduğu vaxtda bitməsi üçün dünyanın hər yerindən investorları layihədə iştirak etməyə dəvət edir. Əvvəllər bəzi Rusiya fondları və korporasiyaları layıhədə iştirak etməyə maraq göstərirdilər. indi isə Ər-Riyad layihəni Çinə təqdim etməyə hazırlaşır. Amma burada da sual yaranır ki, Çin bu layihə ilə nə dərəcədə ciddi maraqlanacaq? Bu sualın cavabı isə hələlik açıq qalır.

NAZİLƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu