“Qardaş yumruğu” təliminin şəxsi heyəti təltif olunub - VİDEO


Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyət təltif olunub.


Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçunu mükafatlandırıblar.

Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri şəxsi heyət qarşısında çıxış ediblər.

H.Akar çıxış edərək Baş Qərargah rəisi və digər qoşun növləri komandanları ilə birgə təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etməkdən məmnunluğunu bildirib. Türkiyənin milli müdafiə naziri qeyd edib ki, dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür. Birgə təlimlər də qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir.

Türkiyənin hər zaman Azərbaycanın yanında, istənilən təhdid və təxribatlara qarşı tək yumruq kimi birləşməyə hazır olduğunu xüsusi bildirən Hulusi Akar vurğulayıb ki, dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük.

General-polkovnik Z.Həsənov çıxış edərək qardaş Türkiyə hərbi qulluqçularını ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Müdafiə naziri vurğulayıb ki, təlimlərdə bütün qoşun növləri vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər. 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir. Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət – iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə – Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə – Azərbaycan qardaşlığı!




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu