ABŞ Azərbaycan və Ermənistan liderlərini görüşdürmək istəyir


“ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və regiona sülhün gətirilməsi üzrə diplomatik prosesdə dərindən iştirak edir, iki ölkənin xarici işlər nazirləri və liderləri arasında yeni görüşün təşkili yollarını axtarmağa davam edir”.


AFN.az xəbər verir ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Maykl Karpenter türkiyəli jurnalistin Bakının “Fransa Prezidentinin iştirak etdiyi danışıqlarda iştirakdan imtina etməsi şəraitində Vaşinqton Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırmı” sualına cavabında belə deyib.
“Heç kimə sirr deyil ki, biz Avropa İttifaqından olan tərəfdaşlarımızla çox sıx əməkdaşlıq edirik, həmçinin Ermənistanın tələbi ilə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində ehtiyacların qiymətləndirilməsi qrupu yerləşdirən ATƏT-in alətlərindən istifadə edirik. Lakin biz də Avropa İttifaqının sərhəddəki səylərini çox dəstəkləyirik”- deyə Karpenter bildirib.
“Məqsədimiz aydındır: Biz istərdik ki, sərhəd mümkün qədər tez demarkasiya olunsun. Biz istərdik ki, hər iki tərəf arasında tezliklə sülh sazişi əldə olunsun, regionda sülh və sabitlik bərpa edilsin, bu bölgədə yaşayan bütün insanların hüquqlarına və təhlükəsizliyinə hörmət edilsin və biz Cənubi Qafqazın tarixində yeni səhifə aça bilək”-amerikalı diplomat qeyd edib.
“Aydındır ki, bu son vəziyyətə çatmaq üçün bir az vaxt lazımdır. Lakin biz ora çatmaq üçün əlimizdən gələni etməyə sadiqik”-Maykl Karpenter əlavə edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu