Nağd verilən pul başçının qardaşı Müşfiq Məmmədovun cibinə su kimi axır - ŞİKAYƏT
Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Beyput Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovdan şikayətçidir.
AFN.az-a ünvanladığı müraciətdə B.Əhmədov bildirir ki, idarə rəisinin korrupsiya əməllərindən beziblər: "Mən Yuxarı Şilyan kəndində bələdiyyəyə məxsus 18 hektar torpaq sahəsini uzun müddətli müqavilə əsasında icarəyə götürmüşəm. Hər il orada taxıl əkirəm. Bu il əkin işlərindən əvvəl Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun qəbulunda olub əkindən sonra su ilə təmin oluna bilib-bilməyəcəyimi soruşdum. Müşfiq Məmmədov mənə bildirdi ki, su ilə bağlı heç bir problem yoxdur, get arxayın əkin işlərini apar. Mən 3000 manatdan sox pul xərcləyib 18 hektar torpaq sahəmi şumlayıb taxıl əkdim. Suvarma vaxtı gələndə Müşfiq Məmmədov istədiyi artıq pulu verə bilmədiyim üçün mənə bildirdi ki, əkin suyu ilə təmin olunmaq üçün müqavilə bağlanmalıdır. Sənədlərimi hazırlayıb Müşfiq Məmmədova təqdim etsəm də, müqavilə bağlamaqdan imtina etdi. Səbəb kimi isə qeyd etdi ki, həmin əraziyə su getmir".
B.Əhmədov bildirir ki, bu yalan və qanunsuzluqdur. Vətəndaşın sözlərinə görə, qonşu torpaq sahələrinə su verilir. Şikayətçi bunu sübut edən videoçəkilişi də redaksiyamıza təqdim edib: "Ucar rayon Suvarma Sistemləri İdarəsinin Xeybər adlı Yuxarı Şilyan kəndində olan əməkdaşı suvarma arxının qarşısını bəndləyib, nağd pul verənlərin torpaq sahələrinə su verir. Mən 1 ay 18 gündür torpağımı əkmişəm, hələ mənə su verilməyib, ancaq 4 gün əvvəl əkin işi aparanlara su verilib. Qeyd edim ki, müqavilə əsasında suya görə verilən pul dövlət büdcəsinə keçirilir, ancaq nağd verilən pul Müşfiq Məmmədovun cibinə su kimi axır".
B.Əhmədov problemlə əlaqədar dəfələrlə Ucar rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Mehdiyevin və Dövlət Aqrar İnkişaf Mərkəzinin rhbəri Rəhman Səfərovun qəbulunda olduğunu, lakin şikayətinə baxılmadığını bildirir: "Səbəb isə odur ki, Müşfiq Məmmədov Ucar rayon icra başçısı Mənsur Məmmədovun qardaşıdır". Şikayətçi bildirir ki, dekabrın 9-da Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Ucar rayonunda vətəndaş qəbulu keçirəcəyi gözlənilir: "Mən də həmin qəbula yazılmışam və inanıram ki, Zaur Mikayılov işinin öhdəsindən gələ bilməyən korrupsiyaya qurşanmış Müşfiq Məmmədovun barəsində qanunu tədbirlər görəcək".
Ucar rayon Suvarma Sistemləri İdarəsinin rəisi M.Məmmədova etdiyimiz zənglər cavabsız qaldığı üçün məsələyə aydınlıq gətirmək mümkün olmadı. Qarı tərəfin mövqeyini verməyə hazırıq.
FAMİL