Kasıb imkansızlıqdan piyada gəzir, məmur vaxt öldürür - RƏY
Gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşularaq işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirib. Nazir bunun həm də sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu deyib.
İctimai rəydə F.Qayıbovun bu addımı birmənalı qarşılanmayıb. Bakı şəhərində tıxacların aradan qaldırılması üçün piyada gəzməyin yetərli olmadığı qənaətində olanlar da var. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı AFN.az-a açıqlamasında bildirdi ki, nazirin təşəbbüsüdü dəstəkləmək lazımdır: “Ancaq məsələ ondadır ki, vətəndaşların buna real imkanı yoxdur. Düzdür, bu gün bəzi insanlar məhz cənab nazirin dediyi kimi edir: imkanı yoxdur deyə paytaxtın bir tərəfindən o biri tərəfinə piyada gedir. İmkanı yoxdur, metroya, avtobusa minmək istəmir, həm də sıxlıqdır, əsəbləri korlanacaq. Ona görə də həm pula qənaət edirlər, həm də imkansızlıqdan piyada gəzirlər. Ümumiyyətlə, bu cür çağırışları dəstəkləmək lazımdır, amma hansı halda?! Bizim ictimai nəqliyyatımız gərək normal vəziyyətdə olsun ki, bunu etmək mümkün olsun. Uzun yolu piyada qət etmək olmaz axı. Tutaq ki, “20 Yanvar”dan Bakının hansısa kəndinə getmək lazımdır, bu mümkün deyil. Qısa məsafələrdə, bəli, Fərid Qayıbovun təşəbbüsünə qoşulmaq olar. Bəzi məmurlar bu hərəkətləri edirlər, gəlirlər məsələn, Azneftdə xidməti avtomobildən düşürlər, sürücüyə deyirlər, get Dəniz Bulvarının yanında məni gözlə, ora qədər piyada gedirlər. Bu, piyada gəzmək təşəbbüsü deyil, vaxt itirmək, özü üçün idman etməkdir. Mən görmüşəm, bir çox nazirlər, komitə sədrləri, deputatlar bunu edirlər”.
E.Muradlının sözlərinə görə, piyada hərəkət həm də sağlamlıq üçün vacibdir. Lakin ekspert hazırkı vəziyyətdə piyada gəzinti imkanlarının da minimum olduğunu bildirdi: “Bəzi küçələrdə heç piyada hərəkət etməyə də imkanımız yoxdur. Piyada səkiləri zəbt edilib, icra başçıları satıb hər yeri, səkilərdə ticarət baş alıb gedir, bəzi yerlərdə ümumiyyətlə zəbt edilib bu yerləri. Ümumən, bu cür təşəbbüsləri dəstəkləmək, qoşulmaq lazımdır. Bu, həm də bəzən zövq verir adama. Biz buna sağlamlıq kimi baxırıq, amma bəzi insanlar var ki, bütün həyatı piyada gəzərək keçir, imkanı olmur nəqliyyatdan istifadə etməyə, yalnız uzaq məsafələrdə istifadə edirlər. Amma real olaraq hərtərəfli şərait yaradılmalıdır. İctimai nəqliyyat düzələndən sonra inanın ki, şəxsi avtomobildən istifadə edənlərin sayı həqiqətən azalacaq. İnsanlar bezib tıxaclardan da, sıxlıqdan da. Amma o şərait yoxdur axı. Yalandan avtobus zolağını hər yerdə çəksinlər, əgər interval gecikirsə, avtobuslar dolu gəlirsə nə faydası?!”
FAMİL