“Biz bu qətnaməni qəbul etmirik” - Fransalı deputat
Fransa Senatının qəbul etdiyi qətnamə Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir göstərəcək.
Bunu Modern.az-a açıqlamasında Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lambert deyib.
Onun sözlərinə görə, Azərbaycan əleyhinə qətnamənin hazırlanması erməni lobbisinin Fransa siyasətinə təsirindən irəli gəlir:
“Erməni diasporunun Fransanın siyasi həyatına və mətbuatına çox böyük təsiri var. Daxili siyasi səbəblərə görə, Senat belə bir sənədi qəbul edib. Mən özüm dəfələrlə Senata seçilmiş deputatlara həqiqəti əks etdirən məlumatları çatdırmışam. Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması iki ölkə arasındakı münasibətlərin pisləşməsinə səbəb olub. Buna heç bir şübhə yoxdur. Lakin başa düşmək olmur ki, Fransa kimi demokratik sistemə malik ölkədə Senat şübhəli məlumatları, bəhanələri özündə əks etdirən sənədi necə qəbul edir?”.
Fransız deputat vurğulayıb ki, Senatda qətnaməni hazırlayanlar Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətdən tamamilə xəbərsizdirlər:
“Əlbəttə, bu qətnamə qəbuledilməzdir və hüquqi əsası yoxdur. Qətnamə həm də parlamentarilərin tarix üçün nəzərdə tutduğu hekayədir. Bu sənədin Fransa dövlətinin siyasətinə heç bir təsir imkanı yoxdur. Fransada haqqı deyən, beynəlxalq hüququn tərəfdarı olan, mənim kimi erməni lobbisindən qorxmayaraq fikirlərini söyləyən şəxslər də var. Biz bu qətnaməni qəbul etmirik”.
Qeyd edək ki, ötən gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklifi yer alıb.
Sözügedən layihədə Azərbaycan vətəndaşlarının 30 illik işğal dövründə fundamental insan hüquqlarından məhrum olunması, Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı qətliam və digər qanunsuz əməlləri diqqətdən kənarda saxlanılıb. Bunun əksinə olaraq, Azərbaycan "işğalçı" kimi təqdim olunub.