Aİ Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsini təsdiqləyib
Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası oktyabrın 17-də keçirilmiş iclasında Cənubi Qafqaz regionunda vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Avropa İttifaqının 40-a yaxın monitorinq eksperti yerləşdiriləcəyi barədə qərar qəbul edib.
Bu barədə qurum rəsmi saytında məlumat yayıb.
Bildirilib ki, monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox davam etməyəcək. Bu qərar Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş dördtərəfli görüşdən sonra verilib. Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasının, etimadın yaradılmasının təmin edilməsi, həmçinin iki ölkə arasında beynəlxalq sərhədlərin delimitasiyası proseslərini asanlaşdırılmasıdır.