Polis bəzi satıcılara qarşı inzibati tənbeh tədbiri görüb
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Bu barədə AFN-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının oktyabrın 11-də keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.