“Location” klubundakı partlayışla bağlı məhkəmədə zərərçəkmişlər ifadə verib


Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Ruslan Məmmədov, Orxan Səfərli və Rəsul Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



AFN report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hüseyn Həmidov bildirib ki, "Location"da DJ kimi fəaliyyət göstərib. Onun sözlərinə görə, martın 11-dən sonra orada işə çıxıb.

"Əmək haqqını gündəlik alırdım. Axşam 9-da işə gəlib səhər 5-də çıxırdım. Bizdə daha çox gecə saat 12-dən sonra müştəri çoxluğu olurdu. Bizə göstəriş verən Rəsul idi. Mənimlə əmək müqaviləsi bağlanmamışdı".

Zərərçəkmiş Nurlan Kərimli isə 15 fevrala qədər klubda rəhbərlik Orxan Səfərli olduğunu deyib:

"Mənim Orxanla tanışlığım 2002-ci ildən başlayıb, birgə işimiz isə 2018-ci ildən başlayıb. “Merser Food” MMC-nin rəhbərləri əvvəllər başqa adamlar idi. Daha sonra Orxan və İsrail oranı götürüb işlətməyə başladı. Orxan dindar olduğu üçün pab işlətmək istəmirdi, sadəcə sənəd üzərində MMC-nin rəhbəri idi. Orxan hətta özünə gələn gəlirləri belə qardaşına verirdi. Çünki onun qardaşı Elşən “The Place” adlı obyekti işlədirdi. Faktiki olaraq kluba rəhbərliyi Rəsul Rəsulov edib. İşçilərin işə qəbulu, bazarlıqların və əyləncələrin təşkili hamısı Rəsulun səlahiyyətində idi. Sonradan qanun dəyişdi ki, bir direktor iki MMC-ə rəhbərlik edə bilməz. Ona görə onun direktor fəaliyyətini mən üzərimə götürdüm. Amma mən də formal olaraq direktor olmuşam. Bütün idarəetmə Rəsulda olub. Mən administrator olaraq fəaliyyət göstərmişəm".

Daha sonra şahid qismində Elşən Səfərov ifadə verib. O, təqsirləndirilən Orxan Səfərovun qardaşı olduğunu bildirib:

"Location"da bütün işçilərin hamısını Rəsul özü yığdı. Ora cəmi 20 gün işlədi. Mənə zəng edib dedilər obyektdə partlayış olub. Hamımız getdik ofisə müzakirə etməyə".

Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Səbail rayonunda qeydə alınıb.

Belə ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

İstintaq zamanı yanğın təhlükəsizli il qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə R.Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu