Prezident İlham Əliyev: "Basqal qəsəbəsinin tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır"
Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə ki, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın. Bunu da biz təmin etdik.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Basqal qəsəbəsinin inkişafı, tarixi irsinin qorunması ilə bağlı bir neçə il əvvəl xüsusi Sərəncam imzaladığını vurğulayan dövlətimizin başçısı həmin Sərəncam əsasında Dövlət Turizm Agentliyinin burada həyata keçirdiyi işlərin təxminən 50 faizinin başa çatdırıldığını qeyd edib. “Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanları kimi öz simasını bütün dünyaya açacaq. Yəni, həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar indi Lahıca durmadan səfərlər edirlər. Əminəm ki, eyni aqibət Basqal qəsəbəsi üçün də olacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır”, - deyə Prezident İlham Əliyev bildirib.
Report