Milli Mətbuatımızın yaranmasından 147 il ötür


Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 147 il ötür.


Ölkədə ilk mətbu orqanın - əsası Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi.

Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

O vaxtdan ötən illər ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan dövləti bu sahənin inkişafına hər zaman böyük diqqət ayırır.

2020-ci il ölkəmiz üçün tarixi əhəmiyyətli Qarabağ Zəfəri ilə yadda qaldı. 44 günlük Vətən müharibəsindəki Qələbəyə kütləvi informasiya vasitələri öz töhfəsini verdilər. KİV nümayindələri əsl fədakarlıq göstərərək həm ön xətdə vuruşdular, həm də reportajları ilə dünyaya haqq səsimizi çatdırdılar.

Bütün həmkarlarımızı Milli Mətbuatımızın 147-ci ildönümü münasibətilə təbrik edirik!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu