Türkiyə, İsveç və Finlandiyanın liderləri Madriddə görüşəcəklər
İyunun 29-da Madriddə İspaniyanın Şimali Atlantika Alyansına daxil olmasının 40-cı ildönümünə təsadüf edən NATO-nun tarixi Sammiti öz işinə başlayacaq.
Sammitdən əvvəl bu gün NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı Sauli Niinistö və İsveçin baş naziri Maqdalena Anderssonla bu ölkələrin Alyansa üzvlüyü məsələsini müzakirə edəcək.
Mayın ortalarında Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləmədi və bu məsələnin Madrid sammitində diqqətçəkən məqamlardan biri olacağı gözlənilir.
Madrid sammitində alyansın 30 müttəfiqi növbəti onillik üçün prioritetləri müəyyən edən yeni Strateji Konsepsiyanı qəbul etmək, milli müdafiə investisiyalarına və NATO-nun birgə maliyyələşdirilməsinə təkan vermək niyyətindədir. Həmçinin Şərqi Avropada NATO qüvvələrinin və yüksək hazırlıqlı qoşunların gücləndirilməsi təsdiqlənəcək. Ukraynaya yeni yardım paketi, Gürcüstan, Bosniya və Herseqovina və Moldova üçün NATO-nun yeni yardım planları təsdiqlənəcək(azertac).