İdarə rəisinin həbsi ilə bağlı detallar - RƏSMİ
Xəbər verdiyimiz kimi Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, İdarənin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
İdarə rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov ilə qabaqcadan əlbir olaraq ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat rüşvət almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət törətmiş şəxslərin dairəsinin və onların digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.