Dövlət Gömrük Komitəsi: "Səfər Mehdiyev 4 deyil, 14 vətəndaşı qəbul edib"
Dövlət Gömrük Komitəsi, qurumun sədri Səfər Mehdiyev ötən gün Xaçmaz rayonunda keçirdiyi vətəndaş qəbulu ilə bağlı açıqlama yayıb.
Komitənin sözçüsü Natiq Axundov bildirib ki, qəbul zamanı xəbər saytlarından birinin əlində telefon tutmuş əməkdaşı həqiqətə uyğun olmayan, yanlış məlumat yayıb.
Məlumatda Komitə sədrinin yalnız 4 vətəndaşın müraciətini dinlədikdən sonra qəbulu dayandırdığı, qeydiyyata alınan digər şəxslərin müraciətlərini dinləmədiyi iddia olunub.
"S.Mehdiyev 14 vətəndaşın müraciətlərini dinləyib və qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verib. Müraciətlərdən 4-ü gömrük məsələləri, digərləri isə gömrük orqanlarında işə qəbulla bağlı olub.
İşə qəbulla bağlı müraciətləri Komitənin İnsan Resursları İdarəsi və digər struktur bölmələrinin rəhbərləri dinləyib və onlara işə qəbulun xüsusi imtahanla həyata keçirildiyi izah olunub", - deyə o, qeyd edib.