Hacı Əliyevlə Prezident arasında maraqlı dialoq
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında uğurlu nəticə əldə edən güləşçilərimizi qəbul edib.
Görüşdə ölkə başçısı ilə sərbəst güləş üzrə üçqat dünya, Avropa çempionu, ikiqat Olimpiya mükafatçısı Hacı Əliyev arasında maraqlı dialoq yaşanıb.
Əvvəlcə Hacı çıxış edərək sərbəst güləşçilərin uğurlu nəticələr əldə etdiyini bildirib: Ümumilikdə 7 medal qazandıq, bunlardan 1-i qızıl, 4-ü gümüş, 2-si isə bürünc medal oldu və biz medal sayına görə komanda hesabında birinci olduq. Sözsüz ki, bu uğurlarımız, bu qələbələrimiz Sizin idmana diqqət və qayğınızın nəticəsidir ki, bu gün belə gözəl nailiyyətlər qazandıq. Eyni zamanda, biz Güləş Federasiyasının da diqqət və qayğısını hər zaman biz hiss etmişik. Biz belə diqqət və qayğı sayəsində çalışacağıq ki, hər zaman gözəl nəticələr əldə edək.
Cənab Prezident, mənim əsas hədəflərimdən biri Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək, qızıl medal qazanmaqdır. Siz bilirsiniz ki, mən iki dəfə Olimpiya Oyunlarında medal qazanmışam – bir gümüş, bir bürünc. Artıq mənə elə gəlir ki, qızıl medal qazanmağın vaxtıdır. Mən inanıram ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarında bizim gənc güləşçilərimiz də, burada olan güləşçilərimiz də yaxşı nəticələr qazanacaqlar İnşallah və medallarımızın sayını daha da çoxaldacaqlar. Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm, Allahdan Sizə uzun ömür, cansağlığı arzulayıram. Çox sağ olun diqqətinizə görə.
Prezident İlham Əliyev: Sağ ol, sağ ol, Hacı, əyləş. Mən hesab edirəm ki, sən artıq Olimpiya Oyunlarının qızıl medalını qazanmısan. Çünki sən üçqat dünya çempionusan və dünya çempionatı da Olimpiya Oyunları ilə eyni səviyyəli yarışdır. Bəlkə də Olimpiya Oyunları daha həyəcanlı bir yarışdır, çünki 4 ildən bir keçirilir və bütün dünya ictimaiyyətinin diqqəti oradadır. Amma təmsilçilik baxımından və rəqabət baxımından dünya çempionatları ondan geri qalmır. Ona görə sənin üç qızıl medalın var dünya çempionu kimi. İndi təvazökar insan kimi bir medal taxmısan, amma sənin medalların nə qədərdir, bəlkə özün də sayını itirmisən. Yadındadır nə qədər medalın var sənin?
Hacı Əliyev: Çoxdur.
Prezident İlham Əliyev: İndi üç dünya çempionu medalı, ondan sonra Olimpiya, üç dəfə Avropa çempionu. Ona görə sən bütün medalları taxsan sinəndə yer qalmaz. Biz hər bir idmançıdan qələbə gözləyirik. Amma əsas odur ki, yarışda iştirak edəcəksən. Mən bilirəm ki, sən son Olimpiya Oyunlarında bir az tərəddüd edirdin gələcək fəaliyyətinlə bağlı. Amma yaxşı ki, qalmısan idmanda. Sən lazımsan həm idmana, həm gənclərə və doğrudan da gənclər üçün, gənc idmançılar üçün bir nümunəsən. Çünki üçqat dünya çempionu olmaq doğrudan da tarixi nailiyyətdir. Ona görə səni bir daha təbrik edirəm.