39 yaşlı qadın evində qətlə yetirildi
Fevralın 7-si Qaradağ rayonu ərazisində yaşadığı evdə 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.