Dövlət Gömrük Komitəsinin sədri Belarus Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN.az-a verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycanla Belarus arasında sağlam təməllər üzərində qurulan münasibətlərin formalaşmasında hər iki ölkənin prezidentlərinin fəaliyyətini xüsusi vurğulayaraq qarşılıqlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu bildirib, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın Belarusla gömrük sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrindən razılığını bildirən Komitə sədri bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gömrük işinin səmərəli təşkili istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verən Səfər Mehdiyev tətbiq edilən yeniliklərin beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə şərait yaratdığını bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gömrük sistemində aparılan islahatları yüksək qiymətləndirən Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.
Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.